Özgə neftinin pulu: Azərbaycan yeni biznes-modelə keçə bilərmi | VİDEO

      Özgə neftinin pulu:    Azərbaycan yeni biznes-modelə keçə bilərmi    | VİDEO
  02 Dekabr 2023    Oxunub:6331
Xəzərin ətrafındakı ölkələrin hamısı neftlə zəngindir. Hamısı da nefti əsasən xammal kimi ixrac edir. Bölgənin nefti buradan çox uzaqda emal olunur. Halbuki, neft emalı - biznesin xüsusi növüdür və biz bunu inkişaf etdirə bilərik. Yaxın və orta perspektivdə qonşu ölkələrdə hasil olunan neftin Azərbaycanda emalı mümkündürmü? Bu sahədə hansı imkanlar və hansı maneələr var?
“Neft araşdırmaları mərkəzi”nin rəhbəri İlham Şaban AzVision.az saytına müsahibəsində bu məsələlərə aydınlıq gətirib. Onun sözlərinə görə, hələ 2015-ci ildə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernizasiya işləri başlayanda bu perspektiv nəzərə alınıb. 8 il öncə onu əsas götürüblər ki, Azərbaycan Dövlət Neft Şirkətinin hasilat qurumu olan “Azneft” bir müddətdən sonra bu emal müəssisəni təmin edə bilməyəcək. Deməli, kənardan neft gətirmək lazım olacaq. Qurğuları da buna uyğun layihələndiriblər.
- Əgər sənin neftin yetərli deyilsə, amma emaldan qazanc götürmək istəyirsənsə, bunu idxal nefti hesabına həyata keçirmək normal haldır. Bu, yenilik deyil. Azərbaycan öz emal müəsissəsinin gücünü 6 milyon tondan 7,5 milyon tona qaldırmağa qərar verib. Heydər Əliyev adına neft emalı zavodu modernizasiya işləri başa çatandan sonra 7,5 milyon ton neft emal etmək gücündə olacaq. Amma o zaman, yəni 2025-ci ildən sonra “Azneft”in hasil etdiyi neft 5 milyon tondan da aşağı düşəcək. Müəssisənin rentabelli olması üçün layihə gücündə işləməlidir ki, qoyulan yatırımları qısa müddətdə ödəsin. Bunun üçün ora idxal neftini də cəlb etmək mümkündür.


- Bəs Qazaxıstan və Rusiyanın məhz bu sahədə bizimlə işbirliyinə getmələri mümkündürmü?
- Təkcə Qazaxıstan və Rusiyanı deyil, Türkmənistanı da nəzərə almaq lazımdır. Geoloji keyfiyyətlərinə görə Azərbaycan neftinə ən yaxın olan məhz Türkmənistan neftidir. Onu hansısa aşqarlar qatmadan qurğuların emal parametrlərinə uyğunlaşdırmaq mümkündür.
Xammal baxımından Rusiya nefti də bizim üçün çox etibarlı bir mənbədir. Azərbaycan artıq Rusiyadan neft idxal edir. Bu neft Dağıstanla sərhəd zonada yerləşən dəniz yatağındadır. Keyfiyyət baxımından biz həmin neftin idxal olunub emala göndərilməsindən məmnunuq.
2015-ci ilin may ayından Xəzərdə çıxarılan Rusiya neftinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə daşınması başlayıb. Azərbaycanın Dövlət Statistika komitəsinin rəsmi bülletenində göstərilir ki, biz Rusiyadan artıq 800 min tondan çox neft idxal etmişik. Əgər tranzitə yönəldilməsi haqqında məlumat yoxdursa, deməli, həmin neft emala gedir.
Rusiyanın baş nazirinin müavini Aleksandr Novak Azərbaycanın Energetika naziri Pərviz Şahbazovla görüşdə qeyd etmişdi ki, Tixoretsk-Bakı (insanlar onu daha çox Novorossiysk-Bakı kəməri kimi tanıyırlar) kəmərilə Azərbaycanda emal üçün daha böyük həcmdə neft göndərilə, Azərbaycan isə öz neftini ixraca yönəldə bilər.
Hazırda Bakı-Novorossiysk kəmərinin işləmədiyini nəzərə alsaq, mən yenə o qənaətə gəlirəm ki, “Lukoyl” şirkətinin Dağıstan sularında hasil etdiyi neft gəmilərlə Azərbaycana gətirilərək, Bakı Neft Emalı Zavodunda emala yönəldilir.


- Rusiya neftinin emalından alınan məhsullar Rusiyaya qaytarılmadan, elə Azərbaycan vasitəsilə xaricə çıxarıla bilərmi?
- Statistika göstərir ki, bəli, biz Rusiyadan böyük həcmdə neft qəbul edirik. Amma biz Türkmənistan və Qazaxıstandan da neft alırıq. Söhbət ayrıca qrafa ilə göstərilən tranzitdən yox, rəsmi idxaldan gedir. Onların emalda istifadəsi, yəni kommersiya effekti fərqlidir. Rusiyadan gələn neft bizim emal müəssisəmizə daxil olur, biz isə emala verəcəyimiz həcmi xarici bazarlara göndəririk.
Bu ilin 9 ayında biz Qazaxıstandan 62 min ton neft idxal etmişik. Türkmənistandan idxal həcmimiz daha çoxdur. O neft bizdə emal olunduqdan sonra alınan məhsullar həmin ölkələrə qaytarılmır. Çünki onların özlərinin də neft emalı zavodları var. Onlar da bizim kimi həm neft, həm də neft məhsulları ixrac edirlər. Biz onlardan həmin nefti qəbul edir, emal və nəqliyyat xərclərini hesablayıb, üstünə gəlirik. Sonra həmin xərcləri maya dəyərindən çıxaraq, yerdə qalan məhsulu onlarla bölürük. Bu baxımdan həm Qazaxıstan, həm də Türkmənistan bizimlə əmkdaşlıqda maraqlıdırlar. Rəsmi statistikaya müraciət etsək, cari ildə neft emalı məhsullarını ixracının artdığını görərik.

- Amerika Birləşmiş Ştataları xüsusi olaraq Venesuela neftinin emalı üçün zavodlar tikib. Bu təcrübə dünyada nə qədər yayılıb və nə qədər gəlirlidir?
- Neft erası başlayandan bu günə qədər həmin sahədə bütün əsas yeniliklər Amerikaya məxsusdur. Amerikadakı nou-haular, texnologiya buna imkan verir.
2018-ci ildə İzmirdə Azərbaycan Dövlət Neft şirkətinin istifadəyə verdiyi neft emalı zavodu həmin akvatoriyada unikal hadisədir. Çünki Cənubi Avropa, Şimali Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyada son 15 ildə bu cür texnoloji üstünlüyə malik bir zavod tikilməmişdi. Onun layihəsini isə Amerikanın “Ovop” şirkəti hazırlayıb. İstər emal dərinliyi, istər bir ton xam neftdən alınan məhsulların həcmi, istərsə də ekoloji məsələlər baxımından dünyada ABŞ ilə ayaqlaşa biləcək nəinki ölkə, heç şirkət də yoxdur. Ona görə də onlar Venesueladan neft gətirib emal etməyi özlərinə rəva görə bilərlər. ABŞ bir gündə 16-17, hətta bəzən 18 milyon barrel neft emal edir. Bunun 6 milyon barrelə qədəri idxal neftidir. Latın Amerikasından da, Kanadadan da boru vasitasilə neft idxal edirlər.
Bu baxımdan, biz özümüzü Amerika ilə müqayisə edə bilmərik. Amma mövcud olan ümumi biznes modelini götürə bilərik. Avropa elan edib ki, 2050-ci ildə ənənəvi enerjinin idxalını və istehlakını tamamailə dayandıracaq. Amma Avropa dünyanın yalnız bir hissəsidir. Ona görə də, emal müəssisələrimizi saxlamaqla, biz dünyanın başqa hissələrindəki bazarlarla əlaqə quraraq bu ticarəti apara, ənənəvi enerjidaşıyıcılarını özümüz üçün kapitala çevirə bilərik. Xəzər regionunun 5 ölkəsinin hamısı ənənəvi enejidaşıyıcıları ilə zəngindir.

- Amerikadan başqa hansı dövlət digər ölkələrdə hasil olunan nefti emal edərək, xeyir götürə bilir?
- Avropanın bütün cənub ölkələrini, Britaniyanı, yaxud, Avropanın bir nömrəli iqtisadiyyatı olan Almaniyanı göstərmək olar. Onların özlərinin nefti yoxdur. Amma güclü neft və neft-kimya müəssisələri olduğundan, emal edilmiş nefti həm öz ölkələrində, həm də kənarda sataraq, pul qazana bilirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Neft  





Xəbər lenti